Məcid Seyidov Avropa çempionatının medalçılarını mükafatlandırıb

 

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov Bakıda keçirilən 17 yaşadək idmançılar arasında qrepplinq üzrə Avropa çempionatının qalibi Röya Abdullayeva, bürünc mükafatçı Fidan Paşayeva və məşqçiləri – Naxçıvan Kikboksinq Federasiyasının (NKF) sədri Xəyal Abdullayevlə görüşüb, qazanılan yüksək nailiyyət münasibətilə təbrik edib.

Nazir müavini muxtar respublikada qadın idmanının son illər yüksək inkişaf tempinə malik olmasını bu sahədə həyata keçirilən işlərin nəticəsi olduğunu vurğulamaqla yanaşı, qızların fərdi nəticələrini bu baxımdan xüsusi qiymətləndirilib. Məşqçi əməyinin, peşəkarlığının rolunu önə çəkən Məcid Seyidov belə yüksək nəticələrin əldə olunmasında bu faktorun da xüsusi əhəmiyyət daşığıdını deyib. Əldə olunan tarixi nailiyyətin qızların idmana cəlbi və yeni uğurlara motivasiyası baxımından stimul olduğunu deyən, nazir müavini buna aktual nümunə olaraq cüdo üzrə Azərbaycan birincisi olaraq Ləman Bağırovanı qeyd edib.

Federasiya sədri Xəyal Abdullayev və idmançılar uğur təəssüratlarını bölüşüb, dəvətə görə təşəkkür ediblər. Görüş zamanı gələcək perspektivlər və bir sıra məsələlər müzakirə olunub, istedadlı məşqçi və idmançılara bundan sonra da lazımi dəstəyin göstəriləcəyi ifadə olunub. Sonra Məcid Seyidov idmançıları fəxri fərmanla təltif edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, Naxçıvan Kikboksinq Federasiyasının və “Turan Döyüş Klubu”nun idmançısı olan Röya Abdullayeva ölkəmizin bu yaş kateqoriyasındakı  təmsilçiləri arasında yeganə qızıl medal mükafatçısı olub. O, həmçinin, 17 yaşadək qızlar arasında qrepplinq üzrə Avropa çempionu olan ilk Azərbaycan idmançısı kimi də adını tarixə yazdırıb. Röya bunadək universal döyüş üzrə dünya çempionatının, kikboksinq, MMA və qrepplinq üzrə Azərbaycan çempionatlarının da qalibi olmağı bacarıb.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti